MSK-nın "Qaynar xətt"inə 280-ə yaxın müraciət daxil olub

MSK-nın "Qaynar xətt"inə 280-ə yaxın müraciət daxil olub

Mərkəzi Seçki Komissiyasının "Qaynar xətt"inə 280-ə yaxın müraciət daxil olub. Secki-2020.az saytı xəbər verir ki, bunu jurnalistərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, müraciətlərin bir qismi texniki sorğu xarakterli olub: “Bununla barəbər MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var. "Qaynar xətt"ə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara diqqətlə yanaşır. MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır. Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə adekvat olan addımların, hətta kəskin addımların şahidi ola bilərsiniz”.

R.Qasımov qeyd edib ki, iddia olunan qanun pozuntuları araşdırılmalıdır: “Bunlar öz təsdiqini tapdığı halda, əmin olun ki, MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır. Burada nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlanarsa, MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və səsvermə günü ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olması idi”.