Umud Mirzəyev: "Parlament seçkiləri ölkəmizdə aparılan islahatlar prosesinin önəmli mərhələlərindəndir" - MÜSAHİBƏ

Beynəlxalq
Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev secki-2020.az saytına
müsahibəsində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə
bağlı fikirlərini bölüşüb.
- Umud müəllim, bir neçə gündən sonra ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Sizin seçki öncəsi mühitlə bağlı təəsüratlarınızı öyrənmək istərdik?
- Əvvəla onu qeyd edim ki, son illər ölkəmizdə müxtəlif sahələrdə ciddi islahatlar həyata keçirilir. Hesab edirəm ki, parlament seçkiləri də ölkəmizdə aparılan islahatlar prosesinin önəmli mərhələlərindən biridir. Ölkəmizin tanınmış ictimai simalarının parlament seçkilərində namizədliklərini irəli sürməsi seçkiöncəsi mühiti daha maraqlı məcraya yönəldib. Hesab edirəm ki, ölkəmizdə seçkiqanunvericiliyinə uyğun olaraq bütün namizədlərə təbliğat aparmaları üçün lazımi şərait yaradılıb. Əlbəttə ki, bütün bunlar ölkəmizdə demokratik seçki mühitinin mövcudluğunu şərtləndirir.
Əvvəlki seçkilərlə müqayisədə həm namizədlərin sayının çoxluğu, həm də vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin, KİV nümayəndələrinin prosesə qatılması cəmiyyətimizdə seçki mədəniyyətini, seçkilərə marağı daha da yüksəldib.
- Umud müəllim, müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları, həmçinin yerli müşahidəçilər seçkilər prosesini izləmək üçün qeydiyyatdan keçiblər. BAMF seçkilərdə müşahidəçi missiyası ilə iştirak edəcəkmi?
- Vətəndaş cəmiyyətinin inkişafına xidmət edən bir təşkilat olaraq biz də sözsüz ki, prosesi fəal şəkildə müşahidə edəcəyik. BAMF Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfini ölkəmizə dəvət edib. Bildiyimiz kimi, fevralın 9-da keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün bu qrup artıq həyata keçirəcəyi fəaliyyət proqramını da təqdim edib.
Əlbəttə ki, müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyalarının seçkiləri izləməsi üçün dəvət olunmaları demokratik seçkilərin əsas göstəricilərindəndir. Ölkəmizdə bu günə kimi keçirilən seçkilərdə kifayət qədər beynəlxalq müşahidə missiyaları iştirak ediblər. Onların əksəriyyətinin hesabatlarında da seçkilərin şəffaf və ədalətli şəkildə keçirildiyi bildirilib. Ona görə də əminəm ki, növbəti parlament seçkiləri də Azərbaycanın seçki administrasiyasının illərdir formalaşmış təcrübəsinə əsaslanaraq, qanunvericiliyə uyğun şəkildə, demokratik prinsiplər əsasında keçiriləcək.